03/10/2022
1-2 oktyabr 2022-ci il tarixlərində "Buzovna İdman zalı" MMC-nin təşkilatçılığı ilə "27 sentyabr - Anım günü"-nə həsr olunmuş taekvondo üzrə uşaqlar,yeniyetmələr və gənclər arasında keçirilən "Alpman Taekvondo klubu"-nun açıq birinciliyi baş tutmuşdur. Yarışa paytaxtımızda və regionlarımızda fəaliyyət göstərən - Alpman (Zabrat,Maştağa,Savalan və Buzovna filialları), Asiman (Əhmədli,Qarayev,Günəşli filialları), Cəsur, Atilla, Atlet, Bakılı, Abşeron-Zirvə,Cəlilabad, Quba, Qazax taekvondo komandalarından ümumilikdə 200-dən artıq idmançı iştirak qatılmışdır.
Yarış əvvəlcə dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
"Buzovna İdman zalı" MMC-nin direktoru və eyni zamanda "Alpman Taekvondo Klubu"-nun direktoru Zahid Nadirov çıxışında yarışın keçirilməsinin əsas mahiyyəti barədə söz açmış, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün belə yarışların keçirilməsinin önəmini vurğulamışdır. İdmançılara uğurlar arzulayan Zahid Nadirov yarışı açıq elan etmişdir.
Yarışın bədii hissəsində Alpman Taekvondo Klubunun idmançıları hazırladıqları öz nümunəvi çıxışları ilə tamaşaçıların diqqətini çəkmişdir.
Fəxri qonaq qismində iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının karate üzrə müəllimi, ölkəmizi Türkiyənin "Yetenek Sizsiniz" adlı yarışmasında dəfələrlə layiqincə təmsil edən Elxan Gülmalıyev də bədii hissədə "nunçako" ilə öz məharətini göstərmiş, bədii hissəyə rəng qatmışdır.
Dünya çempionu, V İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova da fəxri qonaq kimi çıxış etmiş, İdmançılara və komandalara uğurlar arzulamışdır.
Açılış mərasimindən sonra İdmançılar fəxri yerlər uğrunda mübarizəyə qoşulmuşdur.
Qaliblər fəxri qonaqlar tərəfindən təltifetmə mərasimində müvafiq diplom medallarla təltif edilmişlər.
İki günlük yarışın sonunda ümumi nəticələrə görə Alpman Taekvondo Klubu 1-ci, Asiman Taekvondo Klubu 2-ci, Cəsur Taekvondo Klubu və Abşeron-Zirvə Taekvondo klubları isə 3-cü yerdə qərarlaşmışlar.
Qalib komandaların baş məşqçilərinə kubok və medallar təqdim olunmuşdur.