02/08/2026
Bu gün Azərbaycan qılıncoynatma idmanın simvolu, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 91 yaşı tamam olur.
Doğum gününüz mübarək, Yaşar müəllim!
01/08/2026
Honkonqda keçirilən qılıncoynatma üzrə dünya çempionatında fərdi yarışlarda ən yaxşı nəticə qadın sablyaçımız Palina Kaspiaroviçə məxsusdur.
Kaspiaroviç qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında qalib gələrək əsas cədvələ birbaşa vəsiqə qazanıb. Təmsilçimiz ilk görüşündə Türkiyə sablyaçısı Nil Güngörü 15:8 hesabı ilə məğlub edərək ən güclü 32-liyə yüksəlib. Palina növbəti mərhələdə finala kimi irəliləyən Fransa təmsilçisi Sara Balzerə 6:15 hesabı ilə uduzaraq dünya çempionatını 23-cü pillədə başa vurub.
Zərifə Hüseynova qrup mərhələsini uğurla adladıqdan sonra təsnifat görüşündə kanadalı Julie Xiaoya 15:7 hesabı ilə qalib gəlib. Əsas cədvəlin ilk mərhələsində ikiqat dünya çempionu, Yaponiya təmsilçisi Misaki Emura ilə qarşılaşan sablyaçımız 11:15 hesabı ilə məğlub olub.
Anna Başta təsnifat mərhələsində Polşa təmsilçisi Julia Cieslarla, Sabina Kərimova isə ukraynalı Viktoriia Korotchenkova ilə qarşılaşıb. Hər iki görüş rəqiblərin 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Kişi sablyaçıların fərdi yarışında Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayıblar.
Abbas Hüseynov təsnifat görüşündə Küveyt təmsilçisi Adel Almutairiyə 15:10 hesabı ilə qalib gələrək əsas cədvələ yüksəlib. Təmsilçimiz 1/32 finalda Tunis sablyaçısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Fares Ferjani ilə qarşılaşıb və 11:15 hesabı ilə məğlub olub.
Murad Əkbərov Küveyt təmsilçisi Fayadh Alobaidi 15:8 hesabı ilə məğlub edib, növbəti görüşdə isə Çin sablyaçısı Lin Xiaoya 10:15 hesabı ilə uduzub.
Maqsud Hüseynli Misir təmsilçisi Mohamed Amerlə keçirdiyi gərgin qarşılaşmada 13:15, Saleh Məmmədov isə kanadalı Olivier Desrosierslə görüşdə 12:15 hesabı ilə məğlub olaraq fərdi yarışda çıxışlarını başa vurublar.
Kişi şpaqaçıların fərdi yarışında Mirxətai Məmmədov qrup mərhələsini adlaya bilməyib.
🤺🇦🇿
01/08/2026
Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.
Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət millimiz qılıncoynatmanın sablya növü üzrə komanda yarışında 13-cü olub.
İlk görüşdə Kanada yığmasına 45:34 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada dünya çempionu Macarıstan seçmə kollektivinə 32:45 hesabı ilə uduzub. Millimiz 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Polşa sablyaçılarına 34:45 məğlub olsa da, Honkonq (45:40) və Bolqarıstan (45:36) yığmasına qalib gələrək yekunda ümumi sıralamada 28 komanda arasında 13-cü sırada qərarlaşıb.
Kişi sablyaçıların komanda yarışında Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət millimiz 30-cu olub.
İlk görüşdə Küveyt yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü 16-lığa yüksəlmək üçün keçirilən qarşılaşmada Macarıstan sablyaçılarına 27:45 hesabı ilə məğlub olub.
🤺🇦🇿
21/06/2026
Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Fransanın Antoni şəhərində keçirilən Avropa çempionatında 11-ci olub.
Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət komandamız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılamada İtaliya yığmasına 19:45 hesabı ilə məğlub olub.
Kişi sablyaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan seçmə kollektivini 45:42 hesabı ilə məğlub etsə də, sonuncu görüşdə Türkiyə komandasına 36:45 hesabı ilə uduzaraq qitə çempionatını 11-ci sırada başa vurub.
🤺🇦🇿
19/06/2026
Fransanın Antoni şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçirilir.
Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət komandamız qılıncoynatmanın sablya növü komanda yarışında 8-ci olub.
İlk görüşündə Almaniya sablyaçılarına 45:40 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizliyə yüksəlib. Yarımfinala vəsiqə uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 27:45 hesabı ilə uduzub.
Sablya üzrə qadınlardan ibarət milli komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Polşa seçmə kollektivinə (37:45) və Bolqarıstan yığmasına (39:45) uduzub.
Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli 70-ə yaxın iştirakçı arasında 16-cı olub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud pley-offda Böyük Britaniya və İslandiya qılıncoynadanlarına qalib gələrək 1/8 finala yüksəlib. Maqsud Hüseynli ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa sablyaçısı Jan-Filip Patrisə 6:15 hesabı ilə məğlub olub.
🤺🇦🇿
05/06/2026
Azərbaycan Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqov vəfat edib.
Azərbaycan Qılıncoynatma Federasiyası Sadıq Sadıqovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik.
Allah rəhmət eləsin!
01/06/2026
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
28/05/2026
28 May – Müstəqillik Günüdür!
27/05/2026
Qurban Bayramınız mübarək! 🌙🐑
Bərəkətli və xoş bayram keçirməyiniz diləyi ilə! 🤍
25/05/2026
Perunun paytaxtı Lima şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna yekun vurulub. Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub. İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya seçmə kollektivini 45:39 hesabı ilə məğlub edib.
Bürünc medalın bir addımlığında olan millimiz yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.
🤺🇦🇿