08/07/2026
Şirvan Peşəkar Futbol Klubu olaraq, yeni mövsümdə də rəsmi texniki tərəfdaşımız “DJEVO” ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunluq duyuruq.
Komandamızın bütün rəsmi oyun formaları, məşq geyimləri və digər klub geyimləri bu mövsüm də “DJEVO” tərəfindən hazırlanacaq. Yeni dizaynlar klubumuzun vizyonu, qarşılıqlı fikir mübadiləsi və sıx əməkdaşlıq nəticəsində ərsəyə gətiriləcək.
“DJEVO” qısa müddətdə keyfiyyəti, peşəkar yanaşması və innovativ həlləri ilə Azərbaycanın idman geyimləri bazarında seçilən yerli brendlərdən birinə çevrilib. Şirkət hər zaman məhsullarını daha da təkmilləşdirmək və idman ictimaiyyətinə yüksək keyfiyyətli xidmət təqdim etmək istiqamətində fəaliyyətini davam etdirir.
İnanırıq ki, bu mövsüm təqdim olunacaq yeni formalar həm funksionallığı, həm də estetik görünüşü ilə komandamızı layiqincə təmsil edəcək və azarkeşlərimizin rəğbətini qazanacaq.
Şirvan Peşəkar Futbol Klubu olaraq, göstərdikləri etimada və uğurlu əməkdaşlığa görə “DJEVO” kollektivinə təşəkkür edir, birlikdə yeni uğurlara imza atacağımıza inanırıq.
07/07/2026
Şirvan Peşəkar Futbol Klubu baş məşqçi Pərviz Bayramov ilə əməkdaşlığını davam etdirir.
Klub rəhbərliyi ilə əldə olunan razılığa əsasən, Pərviz Bayramov ilə yeni 1 illik müqavilə imzalanıb. Bununla da komandanın yeni mövsümdə də baş məşqçi vəzifəsi Pərviz Bayramova həvalə olunub.
Ötən mövsüm ərzində komandanın inkişafı, formalaşdırdığı oyun fəlsəfəsi və qarşıya qoyulan hədəflərin icrası istiqamətində göstərdiyi fəaliyyət nəzərə alınaraq, tərəflər əməkdaşlığın davam etdirilməsi barədə ortaq qərara gəliblər.
Şirvan Peşəkar Futbol Klubu olaraq Pərviz Bayramova yeni mövsümdə uğurlar arzulayır, birlikdə daha böyük hədəflərə nail olacağımıza inanırıq.
05/07/2026
Şirvan Peşəkar Futbol Klubunda yeni təyinatlar
Şirvan Peşəkar Futbol Klubunda idarəetmə strukturunun daha da gücləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli icrası məqsədilə yeni kadr təyinatları həyata keçirilib.
Qəbul olunmuş qərara əsasən:
• Elnur Əliyev – İdman üzrə vitse-prezident
• İlkin Dövlətov – İcraçı vitse-prezident
• Xıdır Ağayev – Vitse-prezident
• Namil Cəfərov – İdman direktoru
• Elşad Zeynalov – Təhlükəsizlik
Şirvan Peşəkar Futbol Klubu yeni vəzifələrə təyin olunan əməkdaşları təbrik edir, onlara məsul fəaliyyətlərində uğurlar arzulayır. İnanırıq ki, onların peşəkarlığı, təcrübəsi və məsuliyyətli fəaliyyəti klubumuzun inkişafına, qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcək.
04/07/2026
Şirvan Peşəkar Futbol Klubu ilə “HENTR” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması əldə olunub.
Əldə olunan razılaşmaya əsasən, “HENTR” şirkətinin loqosu klubun rəsmi oyun formalarının arxa hissəsində yer alacaq. Bu əməkdaşlıq klubumuzun inkişafına dəstək verəcək və tərəflər arasında uzunmüddətli, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın təməlini təşkil edəcək.
Şirvan PFK olaraq klubumuza göstərilən etimada və dəstəyə görə “HENTR” şirkətinə təşəkkür edir, bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu və səmərəli olacağına inanırıq.
Qeyd edək ki, “HENTR” şirkəti GLOVEX yuyucu tozlarının Azərbaycandakı rəsmi distribütorudur. Şirkət eyni zamanda qeyri-qida sektorunda fəaliyyət göstərərək müxtəlif məhsulların region üzrə distribüsiyası, topdan satışı ilə məşğuldur.
03/07/2026
Şirvan FK ilə “XIZIROĞLU” şirkəti arasında rəsmi tərəfdaşlıq müqaviləsi əldə olunub.
Əldə olunan razılaşmaya əsasən, “XIZIROĞLU” şirkətinin loqosu klubun rəsmi oyun formalarının və məşq dəstlərinin arxa hissəsində yer alacaq. Bu əməkdaşlıq yeni mövsümdə klubumuzun inkişafına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına mühüm töhfə verəcək.
Şirvan FK olaraq, bizə göstərilən etimada və dəstəyə görə “XIZIROĞLU” şirkətinin rəhbərliyinə təşəkkürümüzü bildirir, bu tərəfdaşlığın hər iki tərəf üçün uğurlu və uzunmüddətli olacağına inanırıq.
02/07/2026
Peşəkar Futbol Liqasının " " yaranmasının 18 illiyi münasibətilə təbrik edirik!
Bu gün Azərbaycan futbolunun inkişafında mühüm rol oynayan Peşəkar Futbol Liqasının fəaliyyətə başlamasının 18 ili tamam olur.
Bu əlamətdar tarix münasibətilə Peşəkar Futbol Liqasının rəhbərliyini, əməkdaşlarını, səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.
Arzu edirik ki, Peşəkar Futbol Liqası bundan sonra da ölkə futbolunun inkişafına, milli çempionatlarımızın daha da güclənməsinə və yeni nailiyyətlərin qazanılmasına öz töhfəsini verməyə davam etsin.
18 yaşınız mübarək! Yeni uğurlar və daha böyük zirvələr arzulayırıq!
01/07/2026
2 iyul - Azərbaycan Polisi Günü
Cəmiyyətimizin təhlükəsizliyi və əsayişi naminə fədakarlıqla çalışan, oyunlarımız zamanı hər zaman yanımızda olan bütün polis əməkdaşlarını təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!
30/06/2026
Şirvan Futbol Klubu və “GBARU” arasında sponsorluq razılaşması əldə olunub.
Əldə olunmuş razılaşmaya əsasən, “GBARU” klubun rəsmi forma tərəfdaşı qismində fəaliyyət göstərəcək.
Müqavilənin şərtlərinə uyğun olaraq, əsas komandanın rəsmi oyun formalarının və məşq dəstlərinin ön hissəsində “GBARU” şirkətinin loqosu yer alacaq.
Razılaşma klubun institusional inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, peşəkar futbolun inkişafına yönəlmiş özəl sektor dəstəyinin növbəti nümunəsidir. Şirvan Futbol Klubu tərəfdaşları ilə qarşılıqlı etimad, peşəkarlıq və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında fəaliyyətini davam etdirir.
Şirvan Futbol Klubu “GBARU” şirkətinə göstərdiyi etimada və dəstəyə görə təşəkkür edir. İnanırıq ki, bu tərəfdaşlıq hər iki tərəf üçün uğurlu nəticələr verəcək, klubun hədəflərinə çatmasına və Azərbaycan futbolunun inkişafına mühüm töhfə olacaq.
Qeyd edək ki, "GBARU" yerli və xarici şirkətləri bir araya gətirən, süni intellekt əsaslı qlobal B2B (Business-to-Business) təchizat, əməkdaşlıq və biznes inkişafı platformasıdır. Platforma şirkətlərə satınalma və təchizat proseslərini daha səmərəli idarə etməyə, yeni biznes tərəfdaşları tapmağa, məhsul və xidmətlərini tanıtmağa, həmçinin yerli və beynəlxalq bazarlarda fəaliyyətlərini genişləndirməyə imkan yaradır.
30/06/2026
Bəzən dəyişən sadəcə loqo olur. Bəzən isə həmin dəyişiklik gələcəyə verilən güclü bir mesaj olur.
Bu gün Şirvan Futbol Klubu tarixində yeni bir səhifə açır və klubumuzun yenilənmiş rəsmi loqosunu təqdim edir.
Yeni loqomuz müasir futbolun tələblərinə uyğun olaraq yenidən işlənib. Bununla yanaşı, bizi biz edən dəyərlər olduğu kimi qorunub saxlanılıb. Şirvanın tarixi, şəhərimizin sənaye irsi, körpüsü, neft buruğu və futbola olan sevgisi bu emblemdə əvvəlki kimi yaşayır.
Loqomuz dəyişir, amma məqsədimiz dəyişmir.
Biz yenə də bu şəhərin adını qürurla daşıyacaq, meydanda son fitə qədər mübarizə aparacaq, hər qələbəni şirvalılara həsr edəcəyik.
Bu dəyişiklik keçmişdən imtina deyil. Əksinə, 1980-ci ildən gələn irsimizə sahib çıxaraq gələcəyə daha inamla addımlamağın simvoludur.
Hər uğurlu klubun güclü kimliyi olur. Biz də inanırıq ki, bu yeni emblem yalnız forma üzərindəki nişan deyil. O, futbolçularımızın sinəsində qürur, azarkeşlərimizin ürəyində inam, şəhərimizin isə birliyinin rəmzi olacaq.
Bu gündən etibarən yeni loqomuz altında eyni ruh, daha böyük ambisiyalar və daha yüksək hədəflərlə yolumuza davam edirik.
Çünki biz sadəcə bir futbol klubu deyilik.
Biz Şirvanıq.